İQTİSADİYYAT


“CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb

“CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb

Bakı, 19 yanvar, AZƏRTAC

“Azərkosmos”un Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinə qeydiyyat başa çatıb.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, müsabiqə üzrə ümumilikdə 14 təhsil müəssisəsindən 42 komanda qeydiyyatdan keçib. Onlardan 32-si şərtləri tam yerinə yetirərək beşinci “CanSat Azərbaycan”ın növbəti – “Layihələndirmə” mərhələsində iştirak hüququ qazanıb.

Müsabiqədə paytaxt və bölgələrdə yerləşən ali təhsil müəssisələrinin – ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Fransa-Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin komandaları iştirak edir. Komandaların tərkibi əsasən elektronika, mexanika, proqramlaşdırma, kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrdən ibarətdir.

Bu mərhələdə komandalar model peykin eskiz layihəsini, hissə və mexanizmlərinin ilkin ölçülərini, istifadə olunacaq komponentlər barədə məlumatları müsabiqənin saytının “Sənədlər” bölməsində yerləşdirilmiş “Layihələndirmə sənədinin şablonu” əsasında hazırlamalı və 2023-cü il martın 5-dən gec olmayaraq hesablarına daxil olmaqla sayta yükləməlidirlər.

Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az saytından əldə etmək olar.

“CanSat” model peyk müsabiqəsi ənənəvi olaraq hər il dünyada yerli məktəblər və universitetlər arasında təşkil olunur. “CanSat” dəmir materialından olan içki qabının həcmi və forması daxilində inteqrasiya olunmuş real peykin simulyasiyasıdır.

“CanSat” müsabiqəsi artıq 5 ildir ki Azərkosmos tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Ötən illərdə keçirilən müsabiqələrdə 17 universitetdən 500-dən çox tələbə iştirak edib. Layihənin müddəti 6-7 aydır. Universitetlərdən seçilmiş komandalar layihələndirmə, reallaşdırma və uçuş mərhələlərində iştirak edirlər və qalib komanda yekun nəticə əsasında müəyyən olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.