REGİONLAR


Canan Aykut Bingöl: Naxçıvanda olmaq və I Beynəlxalq Tibbi Forumda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir

Naxçıvan, 21 iyun, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvanda olmaq və I Beynəlxalq Tibbi Forumda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir. Tibb ictimaiyyəti pandemiya dövründə elmi araşdırmaların, məlumat mübadiləsinin, təhsilin və texniki inkişafın vacibliyinin şahidi oldu. Forum beynəlxalq səviyyədə çox faydalı müzakirələrin və elm mübadiləsinin aparılmasına şərait yaratdı.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında İstanbul Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl söyləyib.

Naxçıvana ilk dəfədir səfər etdiyini deyən professor bildirib ki, ən qədim mədəniyyət ocaqlarından olan Naxçıvan şəhəri dünyanın bir çox regionlarında tanınır və sevilir. Şəhərin gözəlliyi, buradakı səliqə-sahman, təmizlik və sakit təbiət Naxçıvana gələn hər kəsin diqqətini cəlb edir. Belə gözəl məkanda ali təhsil müəssisələrinin geniş fəaliyyəti üçün də hərtərəfli şərait yaradılıb.

Naxçıvan Dövlət Universiteti ilə əlaqələrin inkişafında maraqlı olduqlarını deyən Canan Aykut Bingöl qeyd edib ki, İstanbul Yeditəpə Universitetinin nümayəndə heyəti Beynəlxalq Tibbi Forum çərçivəsində NDU-da görüş keçirib və birgə əməkdaşlığa dair müzakirələr aparıldıqdan sonra müqavilə imzalanıb. Müqavilədə akademik məlumat və materialların mübadiləsi, akademik sahədə əməkdaşlıq, professor-müəllim heyətinin, tədqiqatçıların və digər elmi-tədqiqat işçilərinin mübadiləsi, magistr və bakalavr sahələri üzrə mübadilə proqramları, birgə layihələr və tədqiqat əməkdaşlığı həyata keçirmək, simpoziumların təşkili maddələri öz əksini tapıb.

Rektor bildirib ki, I Beynəlxalq Tibbi Forum çərçivəsində Türkiyədən tibb elminin aparıcı mütəxəssislərinin Naxçıvana gəlməsi, digər ölkələrin həkimləri ilə qarşılıqlı təcrübə mübadiləsi aparması çox əhəmiyyətlidir. Keçirilən iclaslarda ən son müalicə üsulları barədə məlumatların verilməsi öz müsbət nəticəsini göstərəcək. Forum çərçivəsində müqavilələrin imzalanması, əlaqələrin genişləndirilməsi elm və təhsil sahəsində münasibətlərin davam etdirilməsinə şərait yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.