SİYASƏT
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
Vatikan, 5 mart, AZƏRTAC
Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın əsasən xristian icmasından ibarət olan katolik ölkəsi ilə əməkdaşlıq etməsi və bunun katoliklərin paytaxtı Roma şəhərində baş tutması çox vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi Azərbaycan mətbuatı üçün verdiyi açıqlamada söyləyib. O qeyd edib ki, Vatikan və Heydər Əliyev Fondu arasında əməkdaşlığın tarixi artıq 10 ildən çoxdur. Azərbaycanla əməkdaşlığı biz ilk gündən böyük məmnuniyyətlə qarşıladıq. Həm mədəni dəyərlərin qorunması, həm də dinlərarası dialoq baxımından Fondla icra etdiyimiz layihələr xüsusi önəmə malikdir.
“Fondun dəstəyi ilə Müqəddəs Marçellino və Pietro katakombalarının restavrasiyası çox emosional və müsbət reaksiyalar doğurdu. Bu xəbər İslam və Xristian dünyaları arasındakı dialoqun unikal nümunəsinə çevrildi. Düzdür bir tərəfdən baxanda bərpa olunan abidələr hamısı xristianlığa aid abidələrdir. Amma digər tərəfdən unutmamalıyıq ki, Qurani-Kərimin özündə də İncildən gəlmiş elementlər var. Bu baxımdan, Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram”, - deyə kardinal qeyd edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan