ELM VƏ TƏHSİL
Canlı yayımda pilot peşə təhsil proqramları ilə bağlı suallar cavablandırılıb
Bakı, 7 iyul, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üçün tələbə qəbuluna başlanılır.
AZƏRTAC xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi qəbul qaydaları, seçim meyarları barədə ətraflı məlumat vermək üçün canlı yayım təşkil edib.
Canlı yayımda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov rəhbərlik etdiyi müəssissə haqqında geniş danışıb. Bildirib ki, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası və veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik proqramlarda təhsil almaq mümkündür. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə qeydiyyatdan keçməlidir, qeydiyyat iyulun 24-dək davam edəcək. O qeyd edib ki, qeydiyyat başa çatdıqdan sonra attestat üzrə qiymətləndirmə aparılacaq və nəticəsi yüksək olanlar onlayn müsahibələrə dəvət ediləcək. Onlayn müsahibədə namizəd seçdiyi ixtisasa uyğun sualları cavablandıracaq.
Rəşad Xanlarov diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ili üzrə mərkəzin pilot peşə təhsil proqramlarına 480 tələbənin qəbulu nəzərdə tutulur. Bu tələbələrdən 240 nəfəri dövlət hesabına, 240 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova mərkəzə qəbul qaydaları haqqında məlumat verib. Bildirib ki, 2020-2021-ci tədris ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə qəbul aparılacaq. Hər ixtisas üzrə qəbul planı isə 20 nəfər təşkil edir. Qəbul iki elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq. Mərkəzdə pilot peşə təhsil proqramları üzrə təhsil alacaq tələbələrə tədris ilinin əvvəlindən praktiki dərslərin keçilməsi planlaşdırılır.
Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” səhifələri üzərindən təşkil olunan canlı yayımda izləyicilərin sualları cavablandırılıb.