İDMAN
Canluici Buffon milli komandada ən çox forma geyən avropalı futbolçudur
Bakı, 14 noyabr, AZƏRTAC
Futbol üzrə İtaliya millisinin ötən gecə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində İsveçə qarşı keçirdiyi oyun ev sahiblərinin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu qarşılaşma 39 yaşlı qapıçının milli komandanın heyətində 175-ci oyunu olub. O, bu göstərici üzrə nəinki italiyalı, hətta avropalı futbolçular arasında da rekordunu möhkəmləndirib. Avropada bu kateqoriya üzrə Buffonun ən yaxın izləyicisi İspaniya millisinin qapıçısı İker Kasilyasdır (167 matç). İtaliyalı futbolçulardan isə indiyədək ən çox forma geyən Dino Zoff olub (111 oyun). Martda Albaniya ilə keçirilən görüşdə forma geyən İtaliyalı qapıçı 168-ci oyununa çıxaraq ispaniyalı həmkarının rekordunu yeniləyib. Bu matç, həmçinin Buffonun karyerasında 1000-ci qarşılaşma olub.
Təcrübəli qapıçı bu barədə fikrini bildirərkən deyib: “1997-ci ildə milli komandanın heyətində debüt edəndə bu qədər oyun keçirəcəyim mənim üçün yalnız xəyal ola bilərdi”.
Ümumiyyətlə, Avropada milli komandanın heyətində ən çox çıxış edən digər futbolçular aşağıdakılardır: Vitaliys Astafyevs (Latviya, 166 oyun), Martin Reim (Estoniya, 156), Lotar Matteus (Almaniya, 150), Serxio Ramos (İspaniya, 148), Kriştianu Ronaldu (Portuqaliya, 147), Robbi Kin (İrlandiya, 146), Anatoli Timoşçuk (Ukrayna, 144), Anders Svensson (İsveç, 143), Tomas Ravelli (İsveç, 143).
Bu futbolçulardan Serxio Ramos və Kriştianu Ronaldu milli komandada karyeralarını davam etdirirlər.
Xatırladaq ki, dünyada milli komandasının heyətində ən çox forma geyən futbolçu misirli Ahmed Hassandır. O, Misir yığmasının heyətində 184 oyun keçirib.