İDMAN
Canni De Byazi: Bu gün yaxşı oynaya bilmədik
Bakı, 8 sentyabr, AZƏRTAC
Çox güclü rəqibə qarşı oynayırdıq. Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi. Bu gün rəqiblə aramızda texniki və fiziki fərq görünürdü.
AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində doğma meydanda Portuqaliya millisinə 0:3 hesabı ilə məğlub olan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi mətbuat konfransında deyib.
Mütəxəssis deyib: "Portuqaliyalı futbolçular dayanmadan qaçırdılar. Bu gün yaxşı oynaya bilmədik. Xüsusən də, birinci hissə istədiyimiz kimi keçmədi. Amma nəzərə alaq ki, 7 gündə 3-cü oyunumuz idi. Mövsümün əvvəli olduğu üçün bəzi futbolçuların fiziki cəhətdən tam hazır olmadığı görünür. Dünən də oyunun asan keçməyəcəyini bildirmişdim. Mən sehrbaz deyiləm. Bura gələndə hansı çətinliklərlə üzləşəcəyimi bilirdim. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır".
Hesabında 13 xal olan Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Serbiya 10 xalla ikinci, Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.