İDMAN
Canni De Byazi: Çox təəssüf ki, oyunun böyük hissəsini azlıqda keçirdik
Bakı, 6 sentyabr, AZƏRTAC
Oyuna yaxşı başlamadıq. Xüsusən, ilk 10 dəqiqə bizim üçün yaxşı keçmədi. Topa sahib olmaqda çətinlik çəkirdik. Bəlkə də bu, psixoloji amillə bağlı idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının birinci turunda Lüksemburq yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, çox təəssüf oyunun böyük hissəsini azlıqda keçirdik. İkinci hissədə çox sadə iki qol buraxdıq. Mövsüm yeni başlayıb və futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyil. Oyunun sonlarında yorğunluq hiss olunurdu.
"Lüksemburq yığması güclü komandadır. Uzun müddətdir birlikdə oynayırlar. Öz oyun üslubları, mexanizmləri var, futbolçularının çoxu legioner həyatı yaşayır. Oyun ərzində yaşana biləcək bütün neqativləri yaşadıq. Azlıqda qaldıq, avtoqola imza atdıq, penalti etdik. Bizim üçün vacib test oldu. Futbolçularıma təşəkkür edirəm. Oyunun çox hissəsini azlıqda oynamaq çətindir. Bir nəfər azlıqda oynamağımıza baxmayaraq, qol vurmağı bacardıq. Bu, bizim üçün çox pozitiv məqam idi. Həm fiziki, həm də taktiki cəhətdən inkişaf etməliyik”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçirilən oyunda Azərbaycan millisi Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub.