İDMAN


Canni De Byazi: Erkən qol buraxmağımız planlarımızı pozdu

Bakı, 10 oktyabr, AZƏRTAC

Oyuna fərqli formada hazırlaşmışdıq. Erkən qol buraxmağımız planlarımızı pozdu, komandanı əsəbləşdirdi. Bundan sonra gərəksiz geri ötürmələr etdik. İlk hissənin statistikasına baxsaq, üstünlük bizim tərəfimizdə idi.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasına doğma meydanda 0:3 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qeyd edib ki, fasilədən sonra da yaxşı qol imkanlarımız oldu. Təbii ki, əvəzetmələrdən sonra balans pozuldu. Nəticədə 3-cü qolu buraxdıq. Bəxtsizlik amili də var. Bəzi zədəlilərimizin olduğunu nəzərə alsaq, yaxşı oynadıq. Rəqibə çətinlik yaşatdıq. Hesabı bilməyən adam bizim qalib gəldiyimizi düşünərdi. 90 dəqiqə yaxşı oyun göstərməyimizdən razı qaldım. Sadəcə, nəticə ədalətsiz oldu. Yaxşı qol imkanları yaratsaq da, istifadə edə bilmədik. Futbolçularıma dedim ki, başınızı dik tutun.

"Bütün məsuliyyət mənimdir. Qrupda sonuncu olduğumuz üçün mən günahkaram. Səbirli olmaq lazımdır. Bu cür işləri birdən-birə görmək olmaz. Proses yavaş-yavaş gedir. Gənc futbolçularımız inkişaf etməlidir. Albaniya milli komandası ilə başlayanda da vəziyyət belə idi. Sadəcə, orada futbolçuların çoxu ölkə xaricində çıxış edirdi. Millidə nəticələr yaxşılaşdıqca, oyunçular daha yaxşı klublara keçdilər. Addım-addım irəliləməliyik. Bir neçə futbolçumuzun ölkə xaricinə getməsi bizə xeyirdir. Çempionatda 8 komanda var, onların isə yarısı legionerdir. Uduzmağa nifrət edirəm. Serbiyada bizi ağır matçın gözlədiyini bilirik. Amma oraya yaxşı nəticə üçün gedəcəyik", - baş məşqçi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.