İDMAN


Canni De Byazi: Futbolçularım meydanda ürəklərini qoydular

Bakı, 13 oktyabr, AZƏRTAC

Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçularım meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində Kipr yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 13-də oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik. Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameyilli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək.

“Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qara Qarayevin vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Ermənistan ordusunun ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Azərbaycan-Kipr matçı neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilib və oyunda hesab açılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.