İDMAN
Canni İnfantino: Superliqa iştirakçıları dünya çempionatına qatılmayacaqlar
Bakı, 8 noyabr, AZƏRTAC
FIFA prezidenti Canni İnfantino bildirib ki, yaradılması nəzərdə tutulan Superliqada oynayacaq futbolçular dünya çempionatına buraxılmayacaq.
AZƏRTAC xəbər verir ki, daha əvvəl Almaniyanın “Spiegel” nəşri “Football Leaks” sənədləri əsasında araşdırma aparıb. Məlum olub ki, Avropanın 16 ən yaxşı klubu , o cümlədən “Real”, “Barselona”, “Bavariya”, “Arsenal”, “PSJ” və başqaları Çempionlar Liqasını əvəzləyən yeni turnir yaratmaq niyyətindədirlər.
Assoşieyted Press agentliyi C. İnfantinonun bu sözlərini sitat gətirib: “Siz ya bizimləsiniz, ya da çıxıb gedirsiniz. Bu tezis özündə hər şeyi ehtiva edir. Superliqada oynayan futbolçular dünya çempionatı və Avropa çempionatı kimi beynəlxalq yarışlarda çıxış edə bilməyəcəklər”.