İQTİSADİYYAT
Cari il ərzində “Azəryolservis” ASC bir çox körpü, keçid və yenidən qurulmuş yolları istifadəyə vermişdir
Bakı, 30 dekabr (AZƏRTAC). Cari ilin ötən dövrü ərzində Qazax rayonunda Qazaxbəyli -Aşağısalahlı yolu, Yevlax-Xocalı-Lacın yolu, Qusar -Əniğ –Ləzə yolunun açılışı olmuşdur.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin müddətdə Bakı-Quba yolunun 89-cu kilometrində Qaraçay üzərində körpü, yolötürücüsü, Balakən rayonunda Qabaqçöl və Mazımçay körpüləri, Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunun 27-ci kilometrində Fındıqlı çay üzərində körpü, Saatlı-Musalı-Mərzili yolunda Araz çayı üzərində körpü, Dilman-Xatman yolunun 1-ci kilometrində Ağsuçay üzərindəki körpülər müasir standartlara uyğun şəkildə yenidən qurularaq istismara verilmişdir.
Bunlarla yanaşı, Bakı–Quba–Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun 177-ci kilometrində və Quba-Qusar avtomobil yolunda Quruçay üzərindəki körpülərin inşası başa çatmışdır.
Bakı şəhərində də avtomobil yolları prospekt və küçələr üzrə geniş təmir işləri aparılmış, 75 kilometrdən artıq yol təmir olunmuş, nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospekti və Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan yolun yenidən qurulması işləri başa çatmışdır.
Bundan əlavə, Neftçilər prospekti və Bakı-Ələt yolunun 2-4-cü kilometr yolunun hissəsinin tikintisi yekunlaşmışdır.
Paytaxtın Mikayıl Hüseynov, Nizami Abdullayev küçəsində, Qara Qarayev prospektindəki Heydər Əliyev parkının qarşısında yeraltı keçidlərinin tikintisi başa çatmışdır.
Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqları Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tunellərdə isə işlər tamamlanmışdır.