İQTİSADİYYAT


Cari il üçün Rusiya və Türkiyəyə 10 istiqamət üzrə avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub

Bakı, 27 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) cari ilin ilk rübü üzrə görülən işlər barədə rüblük hesabatını təqdim edib.

DANX-dan AZƏRTAC-a bildirilib ki, rüb ərzində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına cəlb edilməsi məqsədilə müsabiqənin keçirilməsi üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni müsabiqə komissiyası yaradılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası və Türkiyə Respublikası Hökumətləri arasında imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq, 2021-ci il üçün Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.

Qazax rayonunun Ağköynək kəndi ərazisində təşkil olunan avtostansiyaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq 3-cü kateqoriyalı avtostansiya pasportu verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Beynəlxalq və ölkədaxili (şəhərlərarası, rayonlararası) sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nın tələblərinə uyğun olaraq rəqəmsal taxoqraf kartının alınması üçün 64 sürücüyə ilk dəfə kart verilib, 8 sürücünün kartı yenisi ilə əvəz edilib.

Xarici daşıyıcıların Azərbaycan Respublikası ərazisinə, eləcə də Azərbaycan daşıyıcılarının xarici dövlətlərin ərazilərinə beynəlxalq avtomobil daşımalarını həyata keçirməsi üçün bu ilin yanvar-mart ayları ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanları arasında aşağıdakı növdə və sayda “İcazə blankları” mübadilə edilib:

- giriş, çıxış və tranzit keçid üçün 120 min 875 ədəd

- 3-cü ölkəyə/ölkədən daşımalar üçün 11 min 405 ədəd

- beynəlxalq sərnişindaşımaları üçün 1350 ədəd.

Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota sistemi çərçivəsində Azərbaycan üçün müəyyən edilmiş çoxtərəfli illik “İcazə”lərin sayı 1140 ədəd, çoxtərəfli aylıq “İcazə”lərin sayı isə 240 ədəd təşkil edib. Hesabat dövrü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 min 517 ədəd “İcazə” blankının verilməsi nəticəsində dövlət büdcəsinə 1 milyon 166 min 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib. Beynəlxalq avtomobil daşımalarında iştirak edən Azərbaycan daşıyıcılarının beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron formasından istifadə etməsi üçün şərait yaratmaq, eləcə də onların rəqabət qabiliyyətinin artmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol”a qoşulması ilə əlaqədar zəruri işlər görülüb, normativ hüquqi akt layihələri hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan şəhərlərində fevral ayı üzrə avtobusların hərəkət intensivliyi və süni qiymət artımı ilə bağlı nəqliyyat könüllüləri tərəfindən sərnişinlər arasında anonim sorğu keçirilib, qeyd olunan narazılıqlarla bağlı müvafiq qaydada tədbir görülüb. Xidmətdə vətəndaş məmnuniyyətinin müəyyən edilməsi məqsədilə mart ayında Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşlar arasında nəqliyyat könüllüləri tərəfindən anonim sorğu təşkil edilib. Fevral ayının 19-da daşıyıcı şirkət rəhbərləri ilə regional şöbələrin vəzifəli şəxsləri arasında fərdi görüş keçirilib. Görüş zamanı ictimai nəqliyyata əmək müqaviləsi ilə işə cəlb olunan sürücülərin pandemiya zamanı süni qiymət artımına yol vermə halları aşkarlanarsa müvafiq qaydada tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.