İQTİSADİYYAT
Cari ildə Əmlak Məsələləri Dövlət Xidmətinə 53 min 855 müraciət daxil olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Cari ilin 9 ayı ərzində “193” Çağrı mərkəzi, rəsmi saytı və sosial şəbəkələrdəki hesabları vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) 53 min 855 müraciət daxil olub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, onlardan 51 min 502-si “193” Çağrı mərkəzinin, 2353-ü isə onlayn resursların payına düşür. Çağrı mərkəzinə daxil olan müraciətlərin 51 min 33-ü sorğu və müraciət xarakterli, 469-u isə araşdırma tələb edən məsələlər olub.
Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.
ƏMDX göstərilən xidmətlərlə bağlı sorğuların operativ cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular “193” Çağrı mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılır.
Qeyd edək ki, Xidmətin “193” Çağrı mərkəzi həftəiçi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.