İDMAN
Cari ildə Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən 817 test keçirilib VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Cari ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 817 test keçirilib, 44 bioloji pasport təqdim olunub. Testlər ən çox güləş, futbol, velosiped idmanı, boks, taekvondo və digər idman növləri üzrə götürülüb. İl ərzində 35 antidopinq qayda pozuntusu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 25-də təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, keçirilən testlər ötən illə müqayisədə iki dəfə çoxdur. 2017-ci ildə agentlik tərəfindən 402 test götürülüb. “Cari ildə AMADA-nın dopinqə nəzarət inspektorları “Pxençxan-2018” Qış Olimpiya Oyunlarında, İndoneziyada təşkil olunan Asiya Oyunlarında və digər irimiqyaslı yarışlarda yaxından iştirak ediblər. Cari ildə Böyük Britaniya Antidopinq Agentliyi ilə görüşlər təşkil olunub. Araşdırmalar və təhqiqatların aparılması istiqamətində əməkdaşlıq gələcəkdə də davam edəcək, - deyə Ş.Həsənli vurğulayıb.
Bu il ölkəmizdə Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Ş.Hüseynli, həmçinin Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun Bakıya səfər etdiyini vurğulayıb. Qeyd edib ki, səfərin yekunu olaraq AMADA-nın fəaliyyəti yüksək qiymətləndirilib və Azərbaycanın təcrübəsi digər ölkələrə nümunə göstərilib.
Ş.Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə orqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır. Peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə bəzi hormonal tərkibli maddələrin verilməsi qanuna ziddir. Bu cür halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.
Sonda jurnalistlərin sualları cavablandırılıb.