İQTİSADİYYAT
Cari ildə Azərbaycanda qurudakı yataqlardan 7,4 milyon barrel neft hasilatı nəzərdə tutulur
Bakı, 4 yanvar, AZƏRTAC
Cari ildə Azərbaycanda qurudakı yataqlardan 7,399 mln. barrel neft hasilatı planlaşdırılır ki, bu da 2018-ci ildə nəzərdə tutulandan 3,86 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər ölkənin Hesablama Palatasının hazırladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi üzrə Rəy”də əks olunub.
Hasilatın ən çox həcmi “Balaxanı” yatağında proqnozlaşdırılır. 2019-cu ildə bu neft mədənindən ildə 1,590 mln. barrel hasilat nəzərdə tutulub. 2017-ci ildə burada hasilat 1,7 mln. barrel, 2018-ci ilin proqnozunda isə 1,78 mln. barrel təşkil edib.
Bu il “Zığ-Hövsan-Abşeron” yatağında 0,546 mln. barrel, “Qarasu” yatağında 0,714 mln. barrel, “Suraxanı” yatağında 1,190 mln. barrel hasilat nəzərdə tutulur. Bu yataqlarda 2019-cu il üzrə proqnoz 2018-ci ilin proqnozu ilə eynidir.
2019-cu ildə “Binəqədi”, “Şirvan”, “Kürsəngi-Qarabağlı” yataqlarında hasilatın azalacağı proqnozlaşdırılır. Cari ildə “Binəqədi” yatağında 0,946 mln. barrel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 2,87 faiz azdır. “Şirvan” yatağında hasilatın həcminin 1,017 mln. barrel olacağı (ötən ilin proqnozundan 0,59 faiz az) gözlənilir. “Kürsəngi-Qarabağlı” yataqlar blokunda isə hasilatın təqribən 7 faiz azalaraq 1,039 mln. barrel olacağı planlaşdırılır.
Cari ildə “Neftçala” yatağı və “Muradxanlı-Cəfərli-Zərdab” blokunda hasilatın artacağı proqnozlaşdırılır. “Neftçala” yatağında 0,235 mln. barrel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozundan 1,7 faiz çoxdur. “Muradxanlı-Cəfərli-Zərdab” blokunda isə hasilatın 1,67 faiz artaraq 0,122 mln. barrelə çatacağı gözlənilir.