İQTİSADİYYAT
Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 712 milyon dolları ötüb
Kiyev, 15 noyabr, AZƏRTAC
Cari ilin 10 ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 712 milyon dolları ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 milyon dollar çoxdur.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-oktyabr aylarında Azərbaycandan bu ölkəyə 385 milyon dollarlıq məhsul ixrac olunub. Hesabat dövründə Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 327 milyon dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev