REGİONLAR
Cari ildə Balakəndə 662 hektar sahədə yeni fındıq bağları salınıb
Balakən, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2017-ci ilin birinci yarısında mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilib. Cari mövsümdə rayonda 11,5 ton barama istehsal olunub. Məhsul istehsalı ötən illə müqayisədə 3,7 dəfə artıb. Cari ildə rayonda 241 hektar sahədə “Virciniya” növlü ətirli, 8 hektar sahədə “Berley” və 279 hektar sahədə yerli tütün sortları olmaqla, ümumilikdə, 528 hektar sahədə tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir.
AZƏRTAC xəbər verir ki, bu faktlar 2017-ci ilin birinci yarısının yekunları ilə əlaqədar iyulun 20-də Balakəndə keçirilən müşavirədə səsləndirilib.
Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində bildirilib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə 662 hektarı cari ildə olmaqla, son illər rayon ərazisində, ümumilikdə, 2264 hektar sahədə yeni fındıq bağları salınıb.
Diqqətə çatdırılıb ki, cari ildə rayonun təsərrüfatlarında 11 min 514 hektar sahədə yazlıq bitkilər əkilib. Rayonda taxıl biçini artıq başa çatıb. Fermerlər 1560,5 hektar taxıl sahəsindən 4 min 807 ton məhsul götürüblər. Eyni zamanda, indiyədək rayonda 10 min 535 ton tərəvəz, 2 min 115 ton kartof və digər kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bildirilib ki, meyvəçilik məhsullarının, əsasən də xurmanın qurudulması üçün Katex kəndində “Balxurma” MMC-nin fəaliyyətə başlaması xurma məhsullarının satışında uzun illər mövcud olan problemlərin həllinə müsbət təsir göstərəcək. Eyni zamanda, sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək” – ABAD pilot layihəsi çərçivəsində Balakən rayonunda 12 ailəyə kənd təsərrüfatı məhsullarının emalı üçün müasir standartlara cavab verən zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteynerlər verilib. Hazırda 8 ailədən müxtəlif növ cem və mürəbbə məhsullarının nümunələri götürülərək, sertifikatlaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ötən müddətdə cem-mürəbbə istehsalı ilə məşğul olan ABAD-çılar tərəfindən 6 tondan çox məhsul istehsal edilib. Sertifikatlaşdırma işləri başa çatdıqdan sonra həmin məhsullar qablaşdırılaraq satışına başlanılacaq.
Rayonda əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədi ilə başlanğıcını İnterçaydan götürən 5,3 kilometr uzunluğunda beton suvarma kanalının tikintisində suqəbuledici və suötürücü qurğuların tikintisi başa çatmaq üzrədir. Bu kanal vasitəsilə Qaysa, Şərif, Yeni Şərif və Meşəşambul kəndlərinin ərazisində 1300 hektar əkin sahəsinin suvarılması təmin olunacaq.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının, Sarıbulaq və Mahamalar kəndlərində modul tipli məktəblərin, Balakən şəhərində “Bayraq muzeyi”nin, “ABAD-park” kompleksinin, Katex kəndində “Balxurma” MMC-nin qurutma sexinin və anbar binasının tikintisi davam etdirilib.
Yığıncaqda, həmçinin cari ilin birinci yarısında vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.