CƏMİYYƏT
Cari ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasından 151 gənc zabit məzun olub VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, sərhədlərimizin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son illər ərzində qurumun Akademiyası təkcə Azərbaycan sərhədlərinin deyil, həm də xarici dövlətlərin hüdudlarının mühafizəsi üçün ixtisaslı mütəxəssislər hazırlayan beynəlxalq tədris mərkəzinə çevrilməkdədir. Hazırda bir sıra dövlətlərin sərhəd mühafizə qurumları öz hərbi qulluqçularının DSX Akademiyasında təhsil almalarına şərait yaradılması barədə müraciətlər edib. Bu istiqamətdə kompleks tədbirlər planı həyata keçirilir.
İyulun 16-da DSX Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə DSX komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən DSX-nin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Ölkəmizin hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildiriblər.
Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan Elçin Quliyev sərhədçilərin əsas hədəfinin ölkə sərhədlərinin tam şəkildə mühafizə altına götürülməsi olduğunu vurğulayıb. O, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağına əminliyini diqqətə çatdırıb.
Sonra cari ildə akademiyanı bitirən 151 gənc zabitə diplomlar təqdim olunub, onlar “Sərhədçi andı”nı qəbul ediblər.
Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.