İQTİSADİYYAT
Cari ildə Neft Fondunun büdcəsinin 2,4 milyon dollarını xarici sərmayəçilərin akrhesabı ödənişləri təşkil edir
Bakı, 5 yanvar, AZƏRTAC
2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin digər gəlir maddəsini karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən ödəniləcək ümumilikdə 2 milyon 439 min ABŞ dolları və ya 4 milyon 146,3 min manat məbləğində akrhesabı ödənişlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, cari ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən, 2 milyon 118 min dollar məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Akrhesabı ödəniş Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR ilə “BP Eksploreyşn (Azərbaycan) Limited” və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin 28-ci maddəsinə əsasən ödənilməsi nəzərdə tutulur ki, bu maddəyə əsasən kəşfiyyat dövrü, habelə əlavə kəşfiyyat dövrü ərzində digər podratçı tərəflər kontrakt sahəsinin hər kvadratkilometri üçün 2 min dollar məbləğində illik akrhesabı haqq ödəyirlər. Kontrakt sahəsinin ərazisi təxminən 1059 kvadratkilometrdir ki, akrhesabı ödənişin məbləği 2 milyon 118 min dollardır.
Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən 642 min dollar məbləğində akrhesabı vəsaitin ödənilməsi nəzərdə tutulur. Kontrakt sahəsinin ərazisi təxminən 321 kvadratkilometrdir. Kəşfiyyat dövrü üçün illik akhesabı ödənişi 642 min dollardır. Lakin əsas kəşfiyyat dövrünün 2021-ci ildə sona çatdığına görə və kəşfiyyat dövrünün başlanması 2017-ci ilin noyabr ayı olduğunu nəzərə alaraq, 2021-ci ildə edilən akrhesabı ödənişi 321 min dollar təşkil edəcək.