Cari ildə Novosibirskdən Azərbaycana 108 ton əla növ buğda unu göndərilib
AzerTAg.az

Moskva, 2 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Federal baytarlıq və fitosanitar nəzarəti xidmətinin (“Rosselxoznadzor”) mütəxəssisləri Novosibirskdən Azərbaycana əla növ buğda unu göndərilməsinə nəzarət ediblər.
AZƏRTAC xəbər verir ki, “Rosselxoznadzor”un mütəxəssisləri Novosibirskdə Azərbaycana göndərilmək üçün əla növlü buğda unu partiyasının sənədlərini rəsmiləşdiriblər.
Yüklənib yola salınmaq üçün nəzərdə tutulan məhsul “Rosselxoznadzor”un tabeliyində olan müəssisədə QOST standartının tələblərinə görə nəzərdə tutulan keyfiyyət göstəriciləri, Gömrük İttifaqının TR TC 021/2011 nömrəli “Qida məhsullarının təhlükəsizliyi haqqında” Texniki Reqlamentinin tələblərinə uyğun olaraq tədqiq edilib. Bundan əlavə, Azərbaycan Respublikası tərəfindən taxılın emalına təqdim olunan və “Rosselxoznadzor”un saytında dərc edilmiş tələblərdə nəzərdə tutulduğu kimi, məhsulun tərkibində gen-modifikasiyalı orqanizmlər olub-olmaması yoxlanılıb.
Bu yük partiyasının fitosanitar tələblərə və idxalatşı ölkənin təhlükəsizlik tələblərinə uyğun olması təsdiqlənib. 67,5 ton buğda unu dəmir yolu ilə yükü alanın ünvanına çatdırılmaq üçün Azərbaycan tərəfinin təsdiq etdiyi yeni qaydalara uyğun olaraq 50 kiloqramlıq kisələrə doldurulub. Rusiya Federasiyasından aparılan məhsullara etiket vurulması qaydaları təmin edilib. Belə ki, həmin etiketlərdə informasiya Azərbaycan və rus dillərində göstərilməlidir.
Cari ildə Rusiyadan yüklənib Azərbaycan ərazisinə göndərilmiş əla növlü buğda ununun ümumi çəkisi 108 ton olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var