İQTİSADİYYAT
Cari ildə dünyada təbii qaza olan tələbat artacaq
Bakı, 27 yanvar, AZƏRTAC
2021-ci ildə qlobal təbii qaz tələbatının artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.
Agentliyin proqnozuna görə, cari ildə qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qaz tələbatında cari ildə 2,8 faiz artım gözlənilsə də, iqtisadi artımla bağlı qeyri-müəyyənliklər səbəbindən təbii qaz bazarı hələ də kövrəkdir.
Xüsusilə 2020-ci ilin dekabr ayından etibarən soyuq hava şəraitinin təsiri ilə təbii qaza olan tələbat artmağa başlayıb. İlin əvvəlində Asiya və Avropada havaların soyuq keçməsi və azalan qaz ehtiyatları səbəbindən təbii qaz qiymətləri yüksəlib. Belə ki, Asiya bazarında maye qaz (LNG) qiymətləri 2011-ci ildə baş verən Fukuşima nüvə qəzasından sonra ən yüksək səviyyəyə çatıb.
Buna baxmayaraq, tələbatdakı artımın qısamüddətli olacağı və qlobal qaz bazarındakı qeyri-müəyyənliklərin tələbata təsir göstərməkdə davam edəcəyi gözlənilir. Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Gözlənilən tələbat artımı 2009-cu il maliyyə böhranından sonra 2010-cu ildə yaşanan 7,5 faizlik artımdan xeyli aşağıdadır.
Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır.