CƏMİYYƏT
Cari ildə ilk dəfə olaraq Bakıda “ASAN xidmət”in səyyar avtobusları vətəndaşların ixtiyarına veriləcəkdir VİDEO
Bakı, 15 yanvar (AZƏRTAC). Cari ildə “ASAN xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri İnam Kərimov yanvarın 15-də 1 saylı “ASAN xidmət” mərkəzində keçirdiyi mətbuat konfransında bildirmişdir.
Qeyd etmişdir ki, cari ildə regionlarda daha 4-5 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, bu ilin mart ayında paytaxtın Sabunçu rayonunda 4 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaqdır. Bununla da Bakı, Sumqayıt və Abşeron sakinləri qeydiyyatda olduqları yerdən asılı olmayaraq istədikləri “ASAN xidmət” mərkəzinə müraciət edə biləcəklər.
İnam Kərimov vurğulamışdır ki, cari ilin mart ayından etibarən bölgələrdə yenidən səyyar avtobuslar fəaliyyətə başlayacaqdır. Fevralın 1-dən isə ilk dəfə olaraq “ASAN xidmət”in səyyar avtobusları Bakıda vətəndaşların ixtiyarına veriləcəkdir. Səyyar avtobuslarında xidmətlər pullu olacaqdır. Lakin əlillər və sağlamlığı məhdud uşaqlar bu xidmətlərdən pulsuz yararlanacaqlar.
“ASAN xidmət” mərkəzlərinin ötən ildəki fəaliyyətinə toxunan İ. Kərimov məlumat vermişdir ki, 2013-cü ildə, ümumilikdə, 959 min vətəndaşın müraciətinə baxılmış, 90 faizədək insanın məmnunluğu təmin edilmişdir. İl ərzində 1 saylı “ASAN xidmət” mərkəzində 340 min, Sumqayıt “ASAN xidmət” mərkəzində 204 min, 2 saylı “ASAN xidmət” mərkəzində 250 min, 3 saylı “ASAN xidmət” mərkəzində 92 min, Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzində isə 14 min müraciətə baxılmışdır.
Dövlət Agentliyinin sədri qeyd etmişdir ki, ötən il Bakıda 1, 2 və 3 saylı “ASAN xidmət” mərkəzləri, həmçinin Sumqayıt və Gəncə şəhərlərində “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlamışdır. Hazırda ölkə üzrə 5 “ASAN xidmət” mərkəzində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 sahə üzrə xidmət göstərilir.