DÜNYA
Cari ildə rabitə xidmətləri və ödənişli televiziya üzrə qlobal xərclər 1,4 faiz azalacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
“IDC” tədqiqat şirkətinin analitikləri 2020-ci ildə rabitə xidmətləri və ödənişli televiziya üzrə qlobal xərclərin azalacağını proqnozlaşdırırlar. Sözügedən bazarın həcmi 1,55 trilyon dollar məbləğində gözlənilir ki, bu da 2019-cu illə müqayisədə 1,4 faiz daha azdır.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər telekommunikasiya sahəsini COVID-19 pandemiyasına görə böhran şəraitində dünya iqtisadiyyatının ən dayanıqlı sektorlarından biri adlandırırlar. Operatorların hesabatları açıq şəkildə göstərir ki, istehlakçılar tərəfindən onların xidmətlərinə tələbat məcburi təcrid etmə dövründə yüksəlib.
Bununla belə ilin ikinci yarısı üçün operatorların proqnozu daha pessimistdir və müəssisələrin bağlanması, işsizliyin artması, turizm fəallığının azalması, son dərəcə vacib olmayan məhsul və xidmətlərə xərclərin azalması ilə müşayiət olunacaq iqtisadi tənəzzül fonunda gəlirlərin azalmasını nəzərdə tutur. Bunu nəzərə alan analitiklər cari ildə rabitə xidmətləri və ödənişli televiziyadan əldə edilən qlobal gəliri 0,5 faiz azaldıblar.
Mənfi dinamika dünyanın bütün regionlarında gözlənilir. Şimali və Latın Amerikasında gəlir daha az azalacaq. 2020-ci ildə bu regionda rabitə xidmətlərinə və ödənişli televiziyaya 613 milyard dollar xərclənəcək ki, bu da 2019-cu illə müqayisədə 0,5 faiz daha azdır.
EMEA (Avropa, Yaxın Şərq və Afrika) və Asiya-Sakit Okean regionunda (Yaponiya və Çin daxil olmaqla) Afrika və Asiya ölkələrində qiymətə həssas istifadəçilərin çox olması sayəsində daha çox azalma gözlənilir.