CƏMİYYƏT
Cari ilin 6 ayında 60 nəfərə müxtəlif növ yardımların göstərilməsi təmin olunub
Bakı, 18 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-iyun aylarında 60 şəxsə müxtəlif növ yardımların göstərilməsini təmin edib. Onlardan 45-i Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları olub. Qalan 15 nəfər isə potensial insan alveri qurbanlarından, yəni, insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdir.
Nazirlikdən AZƏTRAC-a bildiriblər ki, həmin 60 nəfərin əksər qisminə ehtiyacları nəzərə alınmaqla sosial reabilitasiya olunmaları məqsədilə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə Mərkəz 30 nəfərə hüquqi, 25 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərib. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə 11 nəfər münasib iş yerləri ilə təmin olunub, 4 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. On nəfər isə ehtiyaclarına uyğun olaraq, sığınacaqla təmin edilib. Görülən işlər nəticəsində insan alveri qurbanlarının əksər hissəsinin sosial reabilitasiyasına nail olunub. Digər şəxslərlə işlər isə davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, ölkənin ayrı-ayrı bölgələrində insan alveri ilə bağlı ictimai məlumatlandırma tədbirləri də davam etdirilib. Biləsuvar, Masallı, Astara, Siyəzən, Şabran, Qusar və digər rayonlarda daha çox gənclərin iştirakı ilə “İnsan alverinə “Yox!” deyək” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə Mərkəzin əməkdaşları tərəfindən insan alveri və insan alverinə qarşı mübarizə, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib.