İQTİSADİYYAT
Cari ilin 9 ayında bir sıra mühüm obyektlər istifadəyə verilib
Bakı, 13 oktyabr, AZƏRTAC
2017-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 96 şagird yerlik ümumtəhsil məktəb binası, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolunun tikintisi yekunlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə Balaxanı Sənaye Parkı, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyasının inşası başa çatdırılıb.
Həmçinin Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası və digər obyektlər istifadəyə verilib.