İQTİSADİYYAT


Cari ilin altı ayı Pirallahı rayonunun sosial-iqtisadi həyatı üçün uğurlu olub

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Pirallahı Rayon İcra Hakimiyyətində cari ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov yığıncaqda cari ilin birinci yarısında Pirallahıda görülən işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, hesabat dövründə rayonda sənayedə ümumi məhsul istehsalı 251 milyon 783 min 200 manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 101,5 faiz təşkil edib. Rayonda əsas fondlar üzrə investisiya qoyuluşu 118 milyon 507 min 900 manata çatıb. Əsas kapitala investisiya qoyuluşu 158 milyon 883 min 500 manat olub. Rayon üzrə neft hasilatı 3 milyon 50 min 529 ton, qaz hasilatı isə 2 milyard 743 milyon 887 min kubmetr təşkil edib.

Dövlət proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan icra başçısı Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılan Yüksək Texnologiyalar Parkının ərazisində tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işlərinin görüldüyünü, inşaat pasportu və dövlət reyestrindən çıxarışın, digər zəruri sənədlərin alındığını bildirib. Qeyd edilib ki, hazırda Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılmaqdadır və ərazidə ilkin tikinti işlərinə başlanıb.

Sosial infrastruktur layihələrinin uğurla icra edildiyi bildirilərək rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 140 və 100 yerlik iki körpələr evi-uşaq bağçasının inşaat işlərinin davam etdiyi diqqətə çatdırılıb. Dövlət Proqramına əsasən reallaşan 168 nömrəli tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşmaq üzrədir. “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planının icrası tam təmin edilib.

Qeyd edilib ki, Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davamlı xarakter daşıyıb, idarə və müəssisələrin iştirakı ilə mütəmadi iməciliklər keçirilib. Təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 27 mart və 4 aprel tarixlərində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində tədbirlər keçirilib. Bütövlükdə yanvar-iyun ayları ərzində keçirilən iməciliklər zamanı rayonda 16 mindən çox Eldar şamı, digər dekorativ və bəzək ağacları və kolları əkilib.

Qeyd edilib ki, ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə 2 hektar neftlə çirklənmiş ərazinin təmizlənməsi və abadlaşdırılması işləri davam etdirilib.

Hesabat məruzəsi ətrafında çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıb, 2015-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.

Sonda dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı əsasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova mükafatı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.