REGİONLAR
Cari ilin altı ayı ərzində Salyanda 25 min tondan çox tərəvəz yığılıb
Salyan, 11 iyul, Mahir Babayev, AZƏRTAC
Salyanda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları cari ilin bu gününədək 25 min 68.2 ton məhsul toplayıblar.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm salyanlı fermerlər 1385.4 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər yetişdirdikləri məhsulun yığımını aparırlar. Artıq əkilmiş tərəvəz sahəsinin 1370.9 hektarından 25 min 68.2 ton məhsul yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 978 ton çoxdur. Hər hektarın məhsuldarlığı 182.9 sentnerə çatır.
Tədarük olunan məhsulun 4.3 tonunu lobya, 1035.1 tonunu bibər, 280 tonunu badımcan, 185.1 tonunu kələm, 3 min 802.1 tonunu xiyar, 19 min 195.1 tonunu pomidor, 135.4 tonunu sarımsaq, 203.6 tonunu soğan, 227.5 tonunu isə sair tərəvəz təşkil edir.
Qeyd edək ki, tədarük olunan xiyarın 775.5 tonu, pomidorun isə 17 min 84 tonu rayonda mövcud olan 453 istixana kompleksindən yığılıb.