REGİONLAR
Cari ilin altı ayında Astara rayonunda ictimai iaşə dövriyyəsi 50,1 faiz artıb
Bakı, 8 avqust, AZƏRTAC
Ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılması, şəhərlərarası (rayonlararası) ictimai nəqliyyatın fəaliyyətinin bərpa olunması nəticəsində ölkədaxili səfərlərin artması ictimai iaşə obyektlərinin fəaliyyətinə müsbət təsir göstərmişdi. İlkin məlumatların təhlili göstərir ki, cari ilin yanvar-iyun aylarında turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə real ifadədə (qiymət indeksləri nəzərə alınmaqla) artım müşahidə edilib.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, cari ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 50,1 faiz artaraq 3680 min manat olub.
İctimai iaşə dövriyyəsinin 177,7 min manatı və ya 4,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 3502,3 min manatı və ya 95,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.