REGİONLAR
Cari ilin altı ayında Astarada əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,4 dəfə artıb
Bakı, 3 avqust, AZƏRTAC
Bu il yanvar-iyun aylarında Astara rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21342,9 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çox vəsait yönəldilib.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, cari ilin birinci yarısında Astara rayonunda ümumi sahəsi 2689 kvadratmetr olan 24 fərdi yaşayış evləri tikilib istifadəyə verilib.
Ümumi sərmayənin 73 faizi dövlət, 27 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitin 20552,1 min manatı və ya 96,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Tikinti müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,1 faiz artaraq 1529,7 min manat olub. Ümumi tikinti işlərinin 49,8 faizini əsaslı təmir, 50,1 faizini cari təmir, 0,1 faizini isə sair işlər təşkil edib.
Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 50,1 faizini, 49,9 faizini isə qeyri-dövlət tikinti müəssisələri həyata keçirib.