CƏMİYYƏT
Cari ilin ilk 6 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 min 463 vətəndaş müraciəti daxil olub
Bakı, 1 avqust, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2022-ci ilin ilk 6 ayı ərzində ümumilikdə 16 min 463 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 min 400-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 63-ü isə teleqram vasitəsilə edilib. 4 min 238 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq agentliyə edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Müvafiq dövlət qurumlarından baxılması üçün agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 12 min 225 təşkil edib.
Daxil olan müraciətlərin 7 min 919-u müayinə və müalicə, 4 min 576-sı əlillik məsələləri, 1694-ü işə qəbul və əmək münasibətləri, 841-i dərman vasitələri və tibbi sərflə təminat, 487-si COVID-19, 946-sı isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 6 ayı ərzində 14 min 769 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, əlillik məsələləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinin və agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahıları, tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və digər məsələlər olub.
Bundan başqa, qeyd edilən müddət ərzində agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 5 min 617 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Agentliyin İdarə Heyətinin sədri tərəfindən 140 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala və Qax rayon sakininin səyyar qəbulu keçirilib. Qəbullar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.