REGİONLAR
Cari ilin iyul ayınadək toplanmış payızlıq və yazlıq dənli bitkilər 2833,4 min ton təşkil edib
Bakı, 28 iyul, AZƏRTAC
Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. 2018-ci il iyulun 23-nə olan məlumata görə, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub.
Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkilərdir.
Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digər rayonlarda isə 90,0 faizdən aşağı olub.
Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olub.
Şəki (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilib.