İQTİSADİYYAT
Cari ilin yanvar-noyabrında müxtəlif təyinatlı bir sıra mühüm obyektlər tikilmişdir
Bakı, 16 dekabr (AZƏRTAC). Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-noyabr aylarında ümumi sahəsi 1 milyon 559,5 min kvadratmetr yaşayış sahəsi, 29 min 908 şagird yerlik ümumtəhsil məktəbləri, 15 çarpayılıq xəstəxana, növbədə 861 nəfərə xidmət etməyə imkan verən ambulator -poliklinika, 985 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal Konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall” İdman-konsert kompleksi, “Qafqaz Baku City Hotel and Rezidences” və JW Marriott Absheron”, “Four Seasons” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı istifadəyə verilmişdir.
Həmin dövr ərzində Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, “8 km” Stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində ”Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Beyləqan rayonunda Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu, Bərdə rayonunda çörək istehsalı müəssisəsi, Yevlax-Bərdə avtomobil yolu, Cəlilabad rayonunda dəyirman və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, İmişli rayonunda “Kraun-co” taxıl anbarı kompleksi, Qazax rayonunda konserv zavodu, Qusar rayonunda mərkəzi xəstəxana, Şəki rayonunda “Shaki Palace” oteli, Tərtər rayonunda süd emalı zavodu, Tovuz rayonunda “Ayan Palase” oteli, Yevlax rayonunda Regional İnformasiya Mərkəzi və digər obyektlər də istismara verilmişdir.
İnşasına əvvəlki və cari illərdə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 5 milyard 468,9 milyon manatından istifadə olunmuşdur.