İQTİSADİYYAT
Cari ilin yanvarında əsas kapitala 617,7 milyon manat vəsait yönəldilmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 617,7 milyon manat vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a daxil olan məlumata görə, həmin vəsaitin 51,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 32,4 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 47,4 faiz artmışdır.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 384,8 milyon manat, qeyri-dövlət müəssisələri isə 232,9 milyon manat vəsait sərf etmişlər.
Məhsul obyektlərinin inşasında 371,6 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 246,1 milyon manatlıq vəsaitdən istifadə olunmuşdur.