ELM VƏ TƏHSİL
Cari tədris ili üzrə səyyar qəbul başa çatıb
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də paytaxtda müəllim və valideynlərin 2017-2018-ci tədris ili üzrə son səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtdakı 280 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar birinci sinfə qəbul, məktəblərin təmiri, maddi-texniki təminatı, əlavə korpusun tikilməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.