İQTİSADİYYAT
“Caspian Agro-2016” sərgisində Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlər göstərəcək
Bakı, 18 may, AZƏRTAC
Mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Caspian Agro-2016 Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Kənd Təsərrüfatı Nazirliyi bir sıra yenilikləri ilə yanaşı, sərgi iştirakçılarına elektron kənd təsərrüfatı xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin müvafiq informasiya sistemləri və elektron xidmətləri – Subsidiya və siyasətə dair informasiya sistemi, Aqrolizinq informasiya sistemi, kənd təsərrüfatı texnikalarının və sürücülük vəsiqələrinin qeydiyyatı sistemləri sərgi müddətində fermerlərə xidmət göstərəcək.
Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikasının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə biləcəklər.
Nazirliyin stendində kənd təsərrüfatlı təyinatlı torpaqların coğrafi məlumatlar bazası əsasında hər bir rayon üzrə torpaqların təyinatına və məqsədli istifadə növünə görə bölgüsü üzrə rəqəmsal xəritə vizualizasiyası, torpaqlar üzrə statistik məlumatlar, yeni ortofotoxəritələrin yaradılması layihəsi haqqında təqdimatlar və ətraflı məlumatlar bütün sərgi iştirakçılarına nümayiş etdiriləcək.