CƏMİYYƏT


“Caspian Agro 2022” sərgisində ABŞ şirkətləri də təmsil olunub

Bakı, 20 may, AZƏRTAC

Bakıda keçirilən “Caspian Agro 2022” kənd təsərrüfatı sərgisində ABŞ şirkətləri də iştirak edir. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin səkkiz şirkət və qurumu öz məhsullarını nümayiş etdirir.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ABŞ pavilyonunda fermerlər və aqrobiznes sahibləri üçün gübrə növləri nümayiş olunur, həmçinin zərərvericilərə qarşı mübarizə üsulları, eləcə də damcısuvarma, mobil soyutma, aquaponika və hidroponik əkinçilik üsulları ilə tanış olmaq imkanı yaradılır.

Bu məqsədlə USAID Azərbaycan bazarında təmsilçilik səylərini yaratmaqda və ya yeniləməkdə maraqlı olan potensial firmaları müəyyən edib. İştirakçı şirkətlər – Dragon-Line, Trece Brandt, ZipGrow, Inc., Store It Cold, Symbiotic Aquaponic və Grow More –yerli fermerlər və bizneslərlə tərəfdaşlıq etməyə və bununla da ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sektorunda iqtisadi əlaqələri gücləndirməyə çalışırlar. Bundan əlavə, Kolumbiya Dairəsi Universiteti kənd təsərrüfatı sahəsində təhsil imkanlarını təqdim edir.

ABŞ səfiri Örl Litzenberqer, USAID-in missiya direktoru Caidev Sinq və kənd təsərrüfatı naziri İnam Kərimov mayın 19-da ABŞ pavilyonunu ziyarət ediblər. Səfir Litzenberger ABŞ səfirliyinin Amerikanın yeni biznes və texnologiyalarının Azərbaycanın kənd təsərrüfatı sektoruna daxil olmasını asanlaşdırmağa davam etməkdən, eləcə də ölkədə artıq fəal olan ABŞ şirkətlərinin mövcudluğunu gücləndirməyə kömək etməkdən məmnun olduğunu bildirib. “ABŞ-ın innovativ məhsul və xidmətlərinə çıxışı genişləndirməklə, biz Azərbaycana öz böyük kənd təsərrüfatı potensialından daha yaxşı istifadə etməyə kömək edirik. ABŞ şirkətləri əkinçilərin və digər bazar iştirakçılarının biznes tərzini dəyişdirən kənd təsərrüfatı və suvarma sahələrində qabaqcıl texnologiyalar işləyib hazırlayıb və istehsal ediblər”, deyə səfir qeyd edib.

USAID-in missiya direktoru Sinq əlavə edərək bildirib ki, özəl sektor fəaliyyəti ABŞ və Azərbaycanın kənd təsərrüfatı sektorları arasında faydalı əlaqələr yaratması məhsul məhsuldarlığının artırılmasına və Azərbaycan fermerləri ilə mühüm bağçılıq biliklərinin mübadiləsinə kömək edir. USAID Azərbaycanda kənd təsərrüfatı potensialını daha da inkişaf etdirmək üçün bu əlaqələri təşviq etməyə davam edəcək”.

Son bir neçə ildə USAID ABŞ və Azərbaycan aqrobiznesləri arasında işgüzar əlaqələrin inkişafına daha çox diqqət yetirir. Bu məqsədlə USAID yerli aqrobizneslərin, ABŞ-də yerləşən Azərbaycan konsaltinq və ticarət firmaları və USAİD-in yerli və beynəlxalq əməkdaşları tərəfindən fərdi şəkildə qurulan əlaqələr kimi, müxtəlif resurslar vasitəsilə ABŞ təchizatçılarının təmin edə biləcəyi innovativ texnologiyalara olan potensial ehtiyaclarını müəyyən edir. Bu səylər sayəsində USAID ABŞ-nin innovativ kənd təsərrüfatı məhsullarının və texnologiyalarının Azərbaycana ixracını sürətləndirmək və asanlaşdırmaqda mühüm irəliləyiş əldə edib.

ABŞ-ın Caspian Agro 2022 kənd təsərrüfatı sərgisində iştirakının maliyyələşdirilməsi USAID-in Azərbaycan Özəl Sektor Fəaliyyəti (PSA), həmçinin ABŞ Dövlət Departamenti və Ticarət Departamenti tərəfindən təmin edilir. USAID-in ölkədə bağçılıq istehsalının və emalının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, həmçinin onların yeni ixrac bazarlarına daxil olmasına kömək etmək səylərini genişləndirməklə yanaşı, PSA həm də kənd təsərrüfatının və aqroturizmin artımını sürətləndirməyə kömək edir. 1998-ci ildən USAID Azərbaycanda özəl sektorun inkişafına əhəmiyyətli birgə sərmayələr ayırıb.

“Caspian Agro 2022” sərgisində 24 ölkədən 400-dən çox şirkətin nümayəndəsi iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.