İQTİSADİYYAT
“Caspian Construction Systems” şirkətinin istehsal etdiyi döşəmələr ən son texnologiyaya əsaslanır
Bakı, 23 may, Samirə Quliyeva, AZƏRTAC
Biz “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində “Caspian Construction Systems” şirkəti olaraq Amerikanın “Flowcrete” şirkəti tərəfindən hazırlanmış nanotexnologiya əsaslı anti-bakterial döşəmələr təklif edirik. Bu döşəmələrin təmizlənməsi və istifadəsi çox sadədir. Bizim döşəmələr bir sıra şirkətlərin, o cümlədən azərbaycanlı istehsalçıların qida sənayesindəki istehsalatda istifadə etdikləri ən son texnologiyalara əsaslanır. Hazırda Azərbaycanda yeni qida komplekslərinin tikintisi davam edir və bu komplekslərin əksəriyyətində məhz bizim şirkətin döşəmələrindən istifadə olunur.
“Caspian Construction Systems” şirkətində idarə heyətinin üzvü və mühəndislik sistemləri üzrə mütəxəssis Yusif Hacılı AZƏRTAC-a bildirib ki, “World Food Azerbaijan-2015” və “Caspian Agro-2015” sərgilərində iştirakdan məqsəd qida sənayesində sağlamlıq üçün təhlükəsiz olan döşəmələrdən istifadəni təşviq etməkdir. “Caspian Construction Systems” şirkəti tikinti sahəsi üçün sistem və həll variantlarını, eləcə də sözügedən sektorda istifadə olunan kimyəvi məhsullar təklif edir. Şirkətin xidmətləri sırasına hidroizolyasiya işləri, polimer əsaslı materiallardan istifadə edilməklə izolyasiya işlərinin həyata keçirilməsi, su keçirməyən örtüklərin təchizatı, avtomobil parkları, qaraj, sənaye obyektləri, idman zalları, stadionlar, uşaq meydançaları və digər tikililərin örtüklə təmin olunması daxildir.