İQTİSADİYYAT


“Caspian Drilling Company” fəaliyyətinin 25 illiyini qeyd edib VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycanda neft-qaz sənayesində hasilatın pay bölgüsü üzrə sazişlərinin imzalanmasından sonra ilk müştərək müəssisə kimi yaradılan “Caspian Drilling Company” (CDC) fəaliyyətinin 25 illiyini təntənəli şəkildə qeyd edib. Şirkətin ildönümü gününün sentyabrın 5-i - həftənin bazar gününə düşməsi ilə əlaqədar, tədbir sentyabrın 6-da CDC-nin dəniz təchizat və logistika bazasında təşkil olunub.

Tədbirdə SOCAR, BP, “Eqiunor” və “TOTAL” şirkətinin rəhbər vəzifəli şəxsləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş nitqi ilə açan CDC-nin baş direktoru Fərid Axundov şirkətin yarandığı vaxtdan bu günədək keçdiyi inkişaf yolu barədə məlumat verib.

Daha sonra çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev və SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə CDC-nin kollektivini təbrik edib və şirkətin Azərbaycanın neft-qaz sektorunun inkişafında tutduğu əhəmiyyətli mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

Çıxışlarda, həmçinin o da vurğulanıb ki, donanmasında “Dədə Qorqud”, “İstiqlal” və Heydər Əliyev” adına yarımdalma qazma qurğularına malik CDC bu günə kimi Xəzər dənizinin Azərbaycan sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən, “Ümid” yatağı istisna olmaqla, digər bütün dəniz layihələrində kəşfiyyat və sualtı qazma işlərinin qazma icraçısı olub və bu kəşfiyyat-qazma əməliyyatlarının nəticəsində “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və sair yataqlar kəşf edilib. Həmçinin qeyd olunub ki, CDC Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” 6-cı nəsil yarımdalma qazma qurğusunun da inşasına rəhbərlik edib və şirkətin idarəçiliyi altında “Heydər Əliyev” yarımdalma qazma qurğusu vasitəsi ilə 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatan quyu qazmaqla Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekord əldə edilib.

Şirkətin uğurları siyahısında ölkə xaricində icra olunmuş qazma əməliyyatları barədə də məlumat verilib. Belə ki, CDC Aralıq dənizində İsrail dövləti üçün 2 kəşfiyyat quyusu qazıb, qardaş Türkiyə Cümhuriyyətində isə 6-cı nəsil “Fatih” qazma gəmisinin reaktivasiyasını həyata keçirib və onunla ilk qazma xidmətini reallaşdırıb. Hazırda CDC Qazaxıstandan gətirilmiş “Sətti” özüqalxan qazma qurğusunun modernizasiya işlərini başa çatdırıb və həmin qurğu vasitəsilə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatları icra edir.

Tədbirdə CDC-nin bir qrup əməkdaşı SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrinə əsasən, fəxri təltiflərlə mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.