CƏMİYYƏT
“Caspian Ecology” IX Ətraf Mühit Sərgisində uşaqlar üçün xüsusi guşə ayrılacaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə noyabrın 14-dən 16-dək "Bakı Ekspo Mərkəzi"ndə “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək.
Sərgi 2009-cu ildən mütəmadi olaraq hər il təşkil edilir. Lakin builki sərginin əhatə dairəsi daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar tam olaraq ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Bir çox istiqamətlər üzrə məhsullar, texnoloji avadanlıqlar göstəriləcək.
Bu barədə AZƏRTAC-a sərginin koordinatoru Səyyarə Məmmədova məlumat verib.
Koordinator, həmçinin deyib: “Sərgidə ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, ekoloji təmiz tikinti materialları, yaşıl landşaft dizaynı və turizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunacaq.
Builki sərgidə azyaşlıları da unutmamışıq. Uşaqlarda ətraf mühitə həssaslığın formalaşdırılması, onlarda təbiətə sevgi hisslərinin aşılanması üçün xüsusi bir guşə ayrılacaq və uşaqların diqqətini ətraf mühitin mühafizəsi sahəsinə yönəltmək məqsədilə müxtəlif interaktiv məşğələlər və maraqlı oyunlar keçiriləcək.
Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji təmiz qida və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək və işgüzar görüşlər üçün əlverişli platforma yaratmaqdır”.