İQTİSADİYYAT


“Caspian Energy Club” Qazaxıstandakı fəaliyyətini bərpa edib

Bakı, 28 iyul, AZƏRTAC

“Caspian Energy Club”un (CEC) sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi Azərbaycanın sahibkarlardan ibarət nümayəndə heyəti Qazaxıstanda biznes-turda iştirak edib.

CEC-dən AZƏRTAC-a bildirilib ki, biznes-tur Azərbaycanın Qazaxıstandakı səfirliyinin, Aktaudakı Baş konsulluğumuz və bu ölkədəki Ticarət Evinin dəstəyi ilə təşkil olunub. Qazaxıstanın 3 şəhəri – Aktau, Nur-Sultan və Almatı üzrə biznes-tur çərçivəsində B2G və B2B formatında bir sıra görüş və tədbirlər keçirilib.

Aktauya biznes-tur çərçivəsində Mangistau vilayətinin Akiminin birinci müavini Bekbol Orınbasarov ilə görüş olub. Görüşdə Azərbaycan sahibkarlarının Mangistau vilayətində həyata keçirilən layihələrdə iştirak perspektivləri müzakirə edilib. Azərbaycanın Mangistau vilayətinin xarici ticarət əlaqələrindəki əhəmiyyətli rolu qeyd olunub.

Mangistau vilayətinin 2022-ci ildə Azərbaycanla xarici ticarət mübadiləsi 41,9 milyon ABŞ dolları, o cümlədən ixrac 29,9 milyon ABŞ dolları, idxal isə 12 milyon ABŞ dollarıdır. Bununla yanaşı, vilayətdə 199 sahibkarımız iqtisadiyyatın müxtəlif sahələrində qeydiyyatdan keçib.

Aktau şəhər Akiminin birinci müavini Bekbol Orınbasarov, Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Elmar Məmmədov, ölkəmizin Qazaxıstandakı Ticarət Evinin rəhbəri Rəhim Sultanov Aktauda və Mangistau vilayətində həyata keçirilən birgə layihələrdən danışıblar.

Görüşdə “Yağmur-2” şirkətinin təsisçisi və rəhbəri Namiq Hacıyev və “Kartash ltd.” şirkətinin təsisçisi və rəhbəri Nəcməddin Taşbaq fəaliyyətlərinə həsr olunan qısa təqdimatla çıxış ediblər.

Sonda Bekbol Orınbasarova sertifikat təqdim olunub.

Sahibkarlardan ibarət nümayəndə heyətinin növbəti görüşü Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda olub. Görüşdə sahibkarlar biznes layihələri barədə danışıb, onları maraqlandıran suallar cavablandırılıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Elmar Məmmədova sertifikat təqdim olunub.

Daha sonra CEC-in nümayəndə heyəti Mangistau vilayətinin “Atameken” sahibkarlar palatasından olan həmkarları ilə ikitərəfli görüşdə iştirak edib.

Görüşdə palatanın direktoru Mustapayev Raşit Turanoviç fəaliyyəti barədə məlumat verib və Qazaxıstan şirkətlərinin təqdimatı olub.

“VİTAM” şirkətinin təsisçisi və rəhbəri Tehran Əliyev, “Mobil Group” şirkətinin təsisçisi və rəhbəri Vüsal Xəlilov və “Debet Safety” şirkətinin nümayəndəsi Nəsir Əmirov fəaliyyətlərinin təqdimatını keçirib və Qazaxıstandan olan həmkarlarını əməkdaşlığa dəvət ediblər. Görüşün rəsmi hissəsinin sonunda sahibkarlar ikitərəfli danışıqlar aparıblar.

Səfərin sonunda CEC-in nümayəndə heyəti Azərbaycanın Aktau şəhərindəki Ticarət Evinin fəaliyyəti ilə tanış olub. Sahibkarlar “Narşərab” mağazasına baş çəkib, Azərbaycanın “Caspian Service” inşaat investisiya şirkətinin “Xəzər Palas” inşaat kompleksində tikdiyi ticarət mərkəzinin inşası ilə tanış olublar.

Növbəti gün “Caspian Energy Club”un nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində olublar. Azərbaycanın Qazaxıstandakı Ticarət Evinə qısa tanışlıq ekskursiyasından sonra sahibkarların Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndələri ilə görüşü keçirilib. Görüşdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov və onun həmkarları tədbir iştirakçılarının, həmçinin görüşə Azərbaycandan onlayn formatda qoşulanların suallarını cavablandırıblar.

Sonra “Caspian Energy Club”un nümayəndə heyəti Atameken və Kazenerjinin rəhbərliyi ilə görüşüb. Görüşdə birgə layihələrin həyata keçirilməsi, ikitərəfli biznes-forum və biznes-turların təşkili barədə razılıq əldə olunub. Görüşdə “Caspian Energy Club”un İdarə heyətinin üzvü Zaur Darabzadə, “Enermus” şirkətinin təsisçisi və rəhbəri Zaur Mustafayev, “Azeriexpress” şirkətinin təsisçisi və rəhbəri Şaiq Qəribzadə fəaliyyətləri barədə qısa təqdimat keçiriblər.

Növbəti görüş Qazaxıstan Xalqları Assambleyasının Sahibkarlar Assosiasiyasında keçib. Tədbirdə Azərbaycan ərazisində layihələr həyata keçirməkdə maraqlı olan Qazaxıstan şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Qazaxıstan Xalqları Assambleyasının Sahibkarlar Assosiasiyasının prezidenti Kayrat Aqtbay və assosiasiyanın idarə heyətinin digər üzvləri fəaliyyətlərindən bəhs ediblər.

Görüş çərçivəsində avtomatika.Az şirkətinin təsisçisi və rəhbəri Xalid Səmədov və “Veliev LLC” şirkətinin rəhbəri Ceyhun Vəliyev fəaliyyətləri barədə qısa təqdimat keçiriblər.

Nur-Sultan şəhərinə səfərin sonuncu günü Azərbaycan və Qazaxıstan dostluğu və əməkdaşlığı ilə bağlı görüş və hadisələrlə zəngin olub. Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin rəhbəri Rəhim Sultanovun təşəbbüsü ilə Qazaxıstanda Azərbaycan həftəsinə start verilib. Səhər Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin binasında Azərbaycan rəssamlarının sərgisi təşkil edilib. Həmin günün axşamı isə Arbatda böyük bayram konserti və Nur-Sultan şəhərinin bütün qonaq və sakinləri üçün Azərbaycan mətbəxinin dequstasiyası ilə festival keçirilib.

Sərgi və konsertin açılışında rəsmi şəxslər, yaradıcı təbəqənin, diplomatik korpusun nümayəndələri, həmçinin iki ölkənin sahibkarları iştirak ediblər.

Qazaxıstana biznes-turun son günü Almatı şəhərində keçib. Sahibkarlar orada əvvəlcədən planlaşdırılmış qrafikə əsasən fərdi görüşlər təşkil ediblər.

“Caspian Energy Club”un üzv şirkətlərinin növbəti səfəri sentyabrın sonunda neft-qaz sərgisinin və KİOGE konfransının keçirildiyi ərəfədə Almatı şəhərində baş tutacaq.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycan və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.