İQTİSADİYYAT
“Caspian Energy Club” növbəti “Online Round Table” təşkil edib
Bakı, 28 aprel, AZƏRTAC
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbər şəxsləri “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online Round Table”da iştirak ediblər. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Azərişıq” ASC-nin sədrinin müşaviri Fərruh Heybətov bütün iştirakçıları 25 aprel – Sahibkar Günü münasibətilə təbrik edib və ASC-nin son vaxtlar həyata keçirdiyi islahatlar barədə məlumat verərək bildirib ki, bu yaxınlarda, sahibkarların elektrik şəbəkəsinə qoşulmasını asanlaşdıran və icrasına nəzarəti təmin edən yeni elektron xidmətlər istifadəyə verilib. Bu istiqamətdə təkmilləşdirmə işləri davam etdirilir.
Daha sonra ASC-nin sədrinin müşaviri Elsevər Rüstəmli “Azərişıq” ASC-nin işğaldan azad olmuş ərazilərdəki fəaliyyəti haqda məlumat verərək qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə bütün dövlət əhəmiyyətli obyektlər enerji ilə təchiz olunur.
“Əlavə olaraq Şuşa şəhəri, Xocavənd rayonunun Ağaoğlan (Hadrut) qəsəbəsi və bir neçə kəndin enerji təchizatı tam təmin olunub. Şəbəkələrin etibarlılığı və dayanıqlılığının artırılması sahibkarların aktiv fəaliyyəti üçün də münbit şərait yaradılır”, – deyə E.Rüstəmli bildirib.
Tədbirin davamında “Azərişıq”ın İKT departamentinin proqramlaşdırma şöbəsinin rəisi Vüsal İsayev ASC-nin yeni yaradılmış elektron qaydada şəbəkəyə qoşulma və müraciət platforması haqda məlumat verib və proqram təminatının istifadəsinə dair təlimatlarla iştirakçıları əyani tanış edib.
Fəxri qonaqlar daha sonra “Online Round Table” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. “Caspian Energy Club”un sədri və baş icraçı direktoru T.Əliyev “Azərişıq” və klub arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək qurumun rəhbərliyinə klubun üzv şirkətləri adından minnətdar olduğunu bildirib.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və qurumun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.