İQTİSADİYYAT


Caspian Energy Club-un üzvləri açıq məkanda reklamların qiymət siyasəti ilə tanış olublar

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədrinin müavini Orxan Əliyev Caspian Energy Club-ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Bu barədə AZƏRTAC-a Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Orxan Əliyev onlayn B2G forumda iş adamlarını narahat edən məsələlərə aydınlıq gətirib. Görüşdə əsasən açıq məkanda reklamların qiymət siyasətinə, qanunvericiliyin iş adamlarına yaratdığı şəraitə toxunulub.

Orxan Əliyev, eyni zamanda, reklamların ölçmə mexanizmləri, onlara baxış sayını müəyyənləşdirən texnologiyaların tətbiqi üçün üçüncü tərəflərin təkliflərinə dövlət qurumunun açıq olduğunu vurğulayıb. Qeyd olunub ki, bir sıra innovativ texnoloji həlləri tətbiq edən agentlik bu sahədə dünya təcrübəsini araşdırmaqda davam edir və artıq rəqəmsal reklamların stimullaşdırılması barədə təkliflər hökumətə təqdim olunub.

Daha sonra Orxan Əliyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Orxan Əliyevə təşəkkür edib. O, həmçinin qeyd edib ki, Caspian Energy Club-ın Kiçik və Orta Biznes üzrə Komitəsi nəzdində ADRA ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.