İQTİSADİYYAT
“Caspian Energy Kazakhstan” ilk “CEO Lunch Aktau” təşkil edib
Bakı, 27 sentyabr, AZƏRTAC
“Caspian European Club” və “Caspian Energy”nin eksklüziv partnyoru olan “Caspian Energy Kazakhstan” ilk “CEO Lunch Aktau” təşkil edib.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, “CEO Lunch Aktau”da Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanda eyni vaxtda Azərbaycan Ticarət Evinin və “Caspian Energy Kazakhstan”ın fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edib. Səfir bu iki təşkilatın fəaliyyətinin iki dost ölkə arasında iqtisadi və işgüzar münasibətləri daha da möhkəmlədəcəyindən əminliyini ifadə edib.
Sonra “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev informasiya-konsaltinq xidmətinin göstərilməsi və “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün müxtəlif növ biznes forum, dəyirmi masa, treninq, seminar və “CEO Lunch” təşkili ilə məşğul olacaq “Caspian Energy Kazakhstan”ın fəaliyyətinə dair təqdimat keçirib. Eyni zamanda, “Caspian European Club”un 17 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verilib. T.Əliyev bütün “CEO Lunch Aktau” iştirakçılarını Nursultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərə qatılmağa dəvət edib.
Mangistau vilayətinin akiminin müavini Nurlıbay Akkulov “CEO Lunch Aktau” iştirakçılarının diqqətinə Mangistau vilayətinin investisiya imkanları barədə ətraflı məlumat təqdim edib.
Aktau Dəniz Ticarət Limanının birinci vitse-prezidenti Mexta Nazban Behram limanın fəaliyyəti və imkanları barədə danışıb, həmçinin “CEO Lunch Aktau” iştirakçılarını əməkdaşlığa dəvət edib.
Azərbaycan Ticarət Evinin Qazaxıstandakı baş direktoru Hüseyn Cəbrayılov ticarət evinin Qazaxıstanda açılmasını elan edib, bildirib ki, ticarət evinin nəinki Nur-Sultanda, həmçinin ölkənin başqa şəhərlərində də filialları olacaq. “İlk belə filialı biz Aktau şəhərində açmağı planlaşdırırıq. Azərbaycan Ticarət Evinin Qazaxıstanda açılması iqtisadi əlaqələrin genişləndirilməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”, - deyə H.Cəbrayılov bildirib.
“CEO Lunch” işgüzar ünsiyyət üçün unikal platformadır. Tədbir çərçivəsində yaradıcı ziyalılar, dövlət məmurları, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Hər ay Qazaxıstanın müxtəlif şəhər və regionlarında keçiriləcək “CEO Lunch” Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulmasında aparıcı vasitə olmaqla yanaşı, qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Mənzil-qərargahı Bakıda yerləşən klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.