İQTİSADİYYAT


“Caspian Energy” jurnalının yeni buraxılışı üzü görüb

Bakı, 4 mart, AZƏRTAC

“Caspian Energy” jurnalının Baltik və Xəzəryanı region ölkələrinin regionlararası əməkdaşlığına həsr olunmuş növbəti – 106-cı nömrəsi işıq üzü görüb.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, “Caspian Energy”nin yeni nömrəsində Latviya Prezidenti Raymonds Veyonisin eksklüziv müsahibəsi dərc olunub. Müsahibədə ikitərəfli əməkdaşlıqla yanaşı, regionlararası münasibətlərə də xüsusi diqqət yetirilib.

Jurnalda, həmçinin Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs, Latviyanın Özbəkistan, Tacikistan və Türkmənistandakı səfiri Mixails Popkovs, bu ölkənin Qazaxıstandakı səfiri Yuriys Poqrebnyaks ilə müsahibələr yer alıb.

“Caspian Energy” jurnalında, eyni zamanda, Bolqarıstanın energetika naziri Temenujka Petkova, Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Süleymanov, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Mərakeş Günəş Enerjisi Agentliyinin idarə heyətinin sədri Mustafa Bakkuri, Mərakeş Milli Karbohidrogen Agentliyinin baş direktoru Əminə Benhadrın müsahibələri dərc olunub.

Jurnalın bu nömrəsində Naxçıvan Muxtar Respublikasının ardıcıl ikinci dəfə qalib gəldiyi Azərbaycanın iqtisadi regionlarının investisiya reytinqinin nəticələrinə xüsusi yer ayrılıb. Jurnalın səhifələrində, həmçinin “Azpetrol Ltd” ASC-nin baş direktoru Ceyhun Məmmədov, “Raymond Weil” şirkətinin satış üzrə regional direktoru Xose Mariya Ramos Amatriayn, “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidovla müsahibələri də görə bilərsiniz.

Beynəlxalq “Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində yayılır. 20 il ərzində dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibləri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.