ELM VƏ TƏHSİL
“Caspian European Club” AMEA-nın Yüksək Texnologiyalar Parkına biznes-tur təşkil edib
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da “Caspian European Club” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) biznes-tur təşkil edib.
Biznes-tur “Caspian European Club” və müvafiq şirkətlər üçün YTP-nin fəaliyyəti barədə ətraflı məlumat təqdim etmək məqsədilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov Azərbaycan Prezidenti İlham Əliyevin elmə xüsusi önəm verdiyini vurğulayıb.
Ölkəmizdə elmin inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edən N.Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, qazanılan uğurlardan danışıb. YTP-nin infrastruktur şəraiti, potensial rezidentlərin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, müəssisədə sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər reallaşdırılıb.
“Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev YTP-nin elm və biznesə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs elm və biznes arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini bildiriblər.
Sonra qonaqlar YTP, o cümlədən müəssisənin mərkəzləşdirilmiş analitik laboratoriyasi ilə yaxından tanış olublar.
Xatırladaq ki, dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.