İQTİSADİYYAT
“Caspian European Club” “Online Round Table” keçirib
Bakı, 30 iyul, AZƏRTAC
İqtisadiyyat nazirinin müşaviri Emil Məcidovun iştirakı ilə “Caspian European Club”un təşkil etdiyi “Online Round Table”da tranzit, logistika, freytforvardinq və nəqliyyat üzrə məsələ və təkliflər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
İki saatdan artıq davam edən “Online Round Table”da E.Məcidov Azərbaycan tranzitinin inkişafı üzrə hazırkı vəziyyət və gələcək planlar, həmçinin hökumətin bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlara dəstəyi barədə məlumat verib.
O vurğulayıb ki, İqtisadiyyat Nazirliyi özəl sektorun sənayenin inkişafına və pandemiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmiş təklifləri üçün açıqdır. E.Məcidov, həmçinin birgə layihələrin, xüsusilə tranzit kimi rəqabətli biznesin inkişafı məsələsində özəl və dövlət sektorunun səylərinin əhəmiyyətini qeyd edib.
İqtisadiyyat nazirinin müşaviri “Caspian European Club”un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.
“Caspian European Club”un sədri və baş icraçı direktoru T.Əliyev bildirib: “Bizi maraqlandıran bir çox suallara cavab aldıq və əksər problemlərin öz həllini tapacağı tədbirlər dairəsini müəyyənləşdirdik. Məhz buna görə nəqliyyat sektorunun nümayəndələrinin sual və təkliflərinin operativ müzakirəsi üçün birgə işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib. “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların sual və təkliflərinin müzakirəsi məqsədilə “Caspian European Club” tərəfindən yaradılıb”.