CƏMİYYƏT
“Caspian European Club” Qida Təhlükəsizliyi İnstitutuna biznes-tur təşkil edib
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də “Caspian European Club” üzvləri biznes-tur çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunda olublar. İki gün davam edən biznes-tur zamanı klubun üzvlərinə institutunun fəaliyyəti barədə ətraflı məlumat verilib və onlar Mərkəzləşmiş Nümunə Qəbulu Sektorunun, Milli Referent Laboratoriya və Mərkəzi Baytarlıq Laboratoriyasının fəaliyyəti ilə də tanış olublar.
“Caspian European Club”dan AZƏRTAC-a verilən məlumata görə, biznes-tur iştirakçılarına interaktiv formatda institutun fəaliyyəti və gələcək planları barədə məlumat təqdim olunub, biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tərəflər əməkdaşlıq imkanları, əməkdaşlıq barədə əldə olunmuş ilkin razılaşma barədə müzakirələr aparıblar.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, də “Caspian European Club” ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” şirkətinin kosmetika fabrikinə, “Debet Safety” şirkətinin fabrikinə, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə və digər məkanlara təşkil olunmuş biznes-turlar daxildir.
Onu da qeyd edək ki, dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını öz sıralarında birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Onun Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.