İQTİSADİYYAT
“Caspian European Club” sentyabrda SOCAR-la birgə biznes-forum keçirəcək
Bakı, 23 avqust, AZƏRTAC
Sentyabr ayında “Caspian European Club” (Caspian Business Club) çərçivəsində dövlət strukturlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların keçirilməsi planlaşdırılır. İlk biznes-forum sentyabrın 7-də “Caspian European Club” çərçivəsində SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə təşkil olunacaq.
Klubdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə biznes və investisiya mühitinin yaxşılaşması, biznes-hökumət dialoqunun fəallaşması üzrə keçirilən islahatlar çərçivəsində bu proseslərin sürətlənməsinə şərait yaradan və əksəriyyəti müsbət nəticə verən xeyli tədbirlər təşkil edilir.
“Biz biznesə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarıq və 15 ildir bu prosesin fəal iştirakçısı olduğumuzdan məmnunuq. Hazırda “Caspian European Club”un bütün sahə klubları və işçi komitələri iqtisadiyyatın müxtəlif sahələrində biznes üzrə problem və təkliflərin tədqiqinin nəticəsi əsasında hesabat hazırlayırlar. Həmin hesabatlar şəxsən Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevə təqdim olunacaq”, - deyə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, bu il sentyabr ayından dekabradək dövrü əhatə edən mərhələdə nazirlik və dövlət qurumlarının başçılarının, şirkət və təşkilat rəhbərlərinin iştirakı ilə sıx tədbirlər, biznes-forum və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulub. Xüsusilə sentyabrda “Caspian European Club” (Caspian Business Club) çərçivəsində dövlət qurumlarının və biznes rəhbərlərinin iştirakı ilə biznes-forumların təşkili planlaşdırılır.
T.Əliyevin sözlərinə görə, sentyabrın 16-da “Caspian European Club” çərçivəsində “Barattson School of Business and Finance” tədris mərkəzinin banisi və direktoru Elşən Rəhimov “Maliyyə Hesabatlarının Beynəlxalq standartları 15 – müştərilərlə müqavilələrdən əldə edilən gəlirlər” mövzusunda seminar keçirəcək. Həmin tədbir zamanı “Caspian European Club”un sentyabrın 13-də başa çatacaq İdarə Heyətinə seçkilərin nəticələri də elan ediləcək. Səsvermənin yekununa əsasən İdarə Heyəti yeni seçilmiş üzvlərdən sahə klublarının və işçi komitələrin rəhbərliyindən formalaşdırılacaq.
Sentyabrın 21-də isə “Caspian European Club” çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunacaq.
Bu ilin sonunadək vergilər naziri Fazil Məmmədov, Maliyyə Bazarları üzrə Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digərlərinin iştirakı ilə biznes-forum və “dəyirmi masa”ların təşkili planlaşdırılır.
T.Əliyevin bildirdiyinə görə, “Caspian European Club” çərçivəsində keçiriləcək biznes-forumlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin təşkilinə kömək edəcək ki, bu da öz növbəsində sahibkarların gündəlik fəaliyyətlərindəki problemlərinin tez bir zamanda həllinə səbəb olacaq.