CƏMİYYƏT
“Caspian European Club”un təşkil etdiyi miqrasiya forumu noyabrın 16-na keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) və “Caspian European Club”un noyabrın 20-nə nəzərdə tutulmuş birgə biznes forumu noyabrın 16-na keçirilib.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Qeyd olunub ki, biznes foruma DMX-nin rəisi Vüsal Hüseynov sədrlik edəcək. Görüş iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlərin xahişi və “Caspian European Club”un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş təklif və məsələlərin müzakirəsi zamanı irəli sürülmüş təşəbbüs nəticəsində təşkil olunur. Biznes forumda “Caspian European Club”un üzvü olan şirkət rəhbərlərinin miqrasiya siyasəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində, həmçinin iş adamlarına onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Miqrasiya Xidməti və şəxsən Vüsal Hüseynov biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev bildirib.
Biznes forumda http://caspianenergy.org/index.php/az/registration/item/350-business-forum-20-11-2018 linki vasitəsilə “Caspian European Club”un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər.
Sıralarında 70 ölkədən beş mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis edilib. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.
Qeyd edək ki, “Caspian European Club”un əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qoyub.