İQTİSADİYYAT
“Caspian Event Organisers” şirkəti martda yeni layihəyə başlayır
Bakı, 14 fevral, AZƏRTAC
2018-ci ildə “Caspian Event Organizers” (“CEO”) şirkəti Azərbaycanda bir sıra tədbirlər keçirməyi planlaşdırır və bu tədbirlərdən üçü ilk dəfə təşkil olunacaq.
“CEO”dan AZƏRTAC-a bildirilib ki, cari ilin tədbirlər mövsümü birinci Azərbaycan Beynəlxalq Françayzinq Forumunun “Caspian Franchise Forum” premyerası ilə açılacaq. Sözügedən forum martın 2-də “Fairmont Baku” otelində keçiriləcək. Forum iştirakçıları françayzinq biznesinin yaradılması və ya inkişaf etdirilməsi üçün öz konsepsiya və təkliflərini, eləcə də brendlərinin franşizalarını təqdim edəcəklər.
Forum iştirakçıları arasında aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlər yer alır: “fast-food” (“Noon-o-Kabab” şirkəti, BƏƏ), uşaqlar üçün mal və xidmətlər (“Gulliver”/“Button Blue” şirkəti, Rusiya), IT (“REISSWOLF” şirkəti, Almaniya), geyim istehsalı (“Kanzler” şirkəti, Almaniya). Forum çərçivəsində “Azərbaycanda Françayzinqin İnkişafı” mövzusunda seminar keçiriləcək və burada qonaqlar öz biznes planlarını həyata keçirmək üçün əlavə məlumatlar ala biləcəklər. Təşkilatçılar inanırlar ki, bu forum bazar tələbatının təhlili, franşiza məsələləri üzrə konsultasiya, franşiza verən şirkətlərlə görüşlər və yeni brendlərin ölkə bazarına daxil olması baxımından səmərəli vasitəyə çevriləcək.
Təqvimdə olan növbəti layihə isə ənənəvi Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgisidir. Bu iri tədbirdə dünyanın müxtəlif guşələrindən kənd təsərrüfatı məhsullarının 150-dən çox istehsalçısı və distributoru bir araya gələcək. Azərbaycandan olan istehsalçılar böyük qrup şəklində təmsil olunacaq. Artıq ardıcıl olaraq ikinci ildir ki, sərginin qeydiyyat sponsoru “Maschio Gaspardo” brendidir.
İyun ayında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və “Caspian Event Organizers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə Milli Dənizkənarı Parkda (Bakı Bulvarında) ənənəvi “EuroVillage 2018” festivalını təşkil edəcək. Öz ailəsi ilə birlikdə şən vaxt keçirmək və xoş təəssüratlarla yanaşı, yeni dostlar qazanmaq istəyən hər bir kəs “EuroVillage 2018” festivalını ziyarət edə bilər.
Cari ilin payız mövsümündə - sentyabrın 20-22-də “Boulevard Hotel Baku” otelində böyük maraq doğuran daha iki yeni debüt sərgi – I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair” və I Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint” sərgiləri keçiriləcək. Üç gün ərzində “Gift&Promo Fair” sərgisi həm korporativ, həm də özəl sektorlar üçün hədiyyə seçmək istəyən auditoriyanı bir araya gətirəcək. “AdPrint” sərgisi isə ölkədə reklam bazarının inkişafını əks etdirməklə yanaşı, reklam xidmətləri üzrə tələb və təkliflər məkanına çevriləcək.
Həmçinin hərbi avadanlıqların aparıcı istehsalçıları və sifarişçiləri Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisində üçüncü dəfə bir araya gələcək. İki ildən bir keçirilən “ADEX” sərgisi müasir silah və texnikanın, eləcə də milli müdafiə sənayesi kompleksinin güc və qüdrətin möhtəşəm paradıdır. Sərgiyə hazırlıq tam sürətlə davam edir və bu gün sərgi sahəsinin 70 faizdən çox hissəsi iştirakçılar tərəfindən bron edilib. Sərginin iştirakçıları arasında Azərbaycan, Çin, Çexiya, Fransa, İsrail, Pakistan, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin milli pavilyonları var. Bu il sentyabrın 25-27-də Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX” sərgisinə 200-dən çox iştirakçının qatılacağı gözlənilir.
Payız sərgi mövsümündə ənənəvi Təhsil “Education”, Karyera “Career”, Ətraf Mühit “Caspian Ecology”, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar “Bakutel” sərgilər keçiriləcək. Bütün tədbirlər dövlət qurumları tərəfindən dəstəklənir. Onların arasında: Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK).
2018-ci il üzrə sərgilərin tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) yer alır. Tədbirlər haqqında ətraflı məlumatı, həmçinin sərgilərə elektron dəvətnaməni www.ceo.az saytından əldə etmək olar.